REGİONLAR
Hacıqabulda 100 yerlik uşaq bağçası istifadəyə verilib VİDEO
Hacıqabul, 27 oktyabr, Mahir Babayev, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində yerləşən bağçanın təməli ötən ilin martında qoyulub. İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib.
Məktəbəqədər təhsil müəssisinin ərazisi də abadlaşdırılıb, balacaların əylənmələri üçün müxtəlif qurğular quraşdırılıb.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirib ki, bu gün Azərbaycanda uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə uğurlu dövlət siyasəti həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda reallaşdırılan mühüm layihələrdən də danışan Ə.Muxtarov qeyd edib ki, son iki ildə rayonda 1 bağça əsaslı təmir edilib, 2 yeni məktəb binası tikilib, 3-ü isə əsaslı təmir olunub. Bu bağça da Fondun balacalara daha bir töhfəsidir.
Sakinlər gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar.