REGİONLAR
Hacıqabulda taksi fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi müəyyən edilib
Hacıqabul, 24 aprel, Mahir Babayev, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkarlanıb. E.Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayandırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.