DÜNYA
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının siyahısında üç azərbaycanlının adı var
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını ictimaiyyətə təqdim edib.
Siyahıda Gürcüstan vətəndaşı olan üç azərbaycanlının da adı vardır.
Partiyanın proporsional siyahısında 20-ci yerdə sabiq deputat Mahir Dərziyevin adı yer alıb.
Siyahıda, həmçinin Baş nazirin milli azlıqlar üzrə sabiq müşaviri Savalan Mirzəyevin və sabiq deputat Ruslan Hacıyevin adları da var. Savalan Mirzəyevin namizədliyi partiyanın xətti ilə majoritar qaydada Qardabanı rayonundan, Ruslan Hacıyevin namizədliyi isə Marneuli rayonundan irəli sürülüb.
Hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyası bu seçkilərdə 100-dən çox yer qazanmaq niyyətindədir. Bunlardan 50-sinin proporsional qaydada deputat mandatı əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, Gürcüstanın mövcud qanunvericiliyə görə, parlamentdə 150 deputat yer almalıdır. Onlardan 77-si proporsional, 73-ü isə majoritar sistem üzrə seçilməlidirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi