CƏMİYYƏT


Hava dəyişkənliyinin orqanizmdə yaratdığı narahatlıqlar

Bakı, 26 may, AZƏRTAC

Son günlər yaz fəslinə xas olmayan hava şəraiti, may ayında az-az müşahidə olunan soyuq insan orqanizminə də öz təsirini göstərir. Küləyin güclənməsi, atmosfer təzyiqinin dəyişməsi metreohəssas insanlarda problemlər yarada bilər.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nazilə Babayevanın dediyinə görə, əslində bu cür havalarda hər kəs özünün həkimi olmalı və özünü müşahidə altında saxlamağı bacarmalıdır: “Mülayim dərəcədə külək insan bədəninə tonuslandırıcı təsir göstərir. Lakin bu davamsız olanda, xüsusilə də havanın temperaturunun aşağı olması fonunda baş verəndə müəyyən problemlərin yaranmasına səbəb olur. Belə havalarda xəstələr həkimlərin məsləhət gördüyü dərmanları qəbul etməlidirlər. Hava şəraiti onlarda emosional gərginlik yaratdıqda, yuxu rejiminə təsir göstərdikdə və tez-tez əsəbilik əmələ gətirdikdə sakitləşdirici dərman preparatlarından istifadə etməlidirlər”.

Havanın dəyişkənliyinin psixoloji baxımdan da mənfi təsir göstərdiyini bildirən psixoloq Aida Nəbiyeva deyib: “İnsanlar Günəşi görməyəndə sanki həyat üzə gülmür, əhval-ruhiyyə aşağı düşür. Bunun fizioloji anlamı ondan ibarətdir ki, D vitamin çatışmazlığı yaşanır. Bu, bəzi insanlarda başağrısı, bədən ağrıları, gərginlik yarada bilər, çünki bədən və beyin havaya uyğunlaşa bilmir”.

Hava şəraiti insan orqanizminə on faiz təsir edirsə, psixoloji baxımdan həmin təsir qat-qat artıq olur. Psixoloq qeyd edib ki, bu cür vəziyyətdən çıxış yolu tapmaq o qədər də çətin deyil: “Bunun üçün ən yaxşı üsullardan biri evdə medikativ prosesləri artırmaqdır. Xüsusi olaraq xoş duyğular oyadan musiqilərə qulaq asmalı, müsbət təsir göstərən əyləncə və məşğuliyyətlər tapılmalıdırlar. Hətta mümkün olduğu təqdirdə iş mühitində də bunu etmək lazımdır. Belə günlərdə sevimli məşğuliyyət - nəsə çəkmək, düzəltmək və yaratmaq daha yaxşı alınır”.

Psixoloqların fikrincə, insan hansı fikir özünə yaxın buraxırsa, ətrafa da ona uyğun enerji yayır. Pozitiv düşünəndə xoş, neqativ düşünəndə isə mənfi hadisələrlə üzləşir. Havadan asılı olmayaraq, həmişə əhvalı yüksək saxlamağa çalışmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.