CƏMİYYƏT


Hava kütləsinin bir-birini əvəz etməsi virus və bakteriyaların canlanmasına səbəb olur

Bakı, 21 yanvar, AZƏRTAC

Havalar soyuduqca və rütubət artdıqca virusların yayılma sürəti də artır, nəticədə immunitet zəifləyir, bədən temperaturu isə çöl mühitinə uyğunlaşa bilmir. Belə havalarda vətəndaşlar qapalı məkanda daha çox vaxt keçirdiyindən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalı da artır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Burun və alın ciblərində iltihab və yaxud yuxarı tənəffüs yollarında, məsələn, burun və ya ağız boşluğunda infeksiya varsa, hava kütləsinin bir-birini əvəz etməsi adətən virus və bakteriyaların daha tez canlanmasına səbəb olur. Bu da orqanizmdə nəm mühitin isinməsi və münbit mühitin yaranması nəticəsində yuxarı tənəffüs yollarının infeksiyasına, COVID-19-un yaranmasına, digər virusların daha da aktivləşməsinə aparıb çıxara bilər”.

Həkimlərin dediyinə görə, qoruyucu vasitələrdən kifayət qədər istifadə etməmək, otaqları vaxtaşırı havalandırmamaq da virusun aktivləşməsində mühüm rol oynayır. Havanın temperaturuna uyğun geyinmək isə mütləq şərtlərdən biridir.

Həkim-terapevt Mətanət Cəfərova bildirib: “Soyuq havalardan qorunmağın ən yaxşı yolu kəskin temperatur fərqi yaşamamaqdır, yəni havanın temperaturuna uyğun geyinməkdir. Hədsiz çox qalın geyinmək də bəzən xəstələnməyə səbəb olur. Evi hədsiz çox qızdırmaq olmaz, xüsusən də uşaqlar olan otaqları və yataq otağını hədsiz çox isitməyin özü də kəskin temperatur fərqinə və xəstələnməyə səbəb ola bilər. Temperaturu hər zaman optimal saxlamaq məsləhət görülür”.

Soyuq havalarda balanslı qidalanmaya diqqət yetirmək lazımdır. Qida rasionuna bol vitaminli meyvə və tərəvəz əlavə edilməlidir. Çoxlu maye qəbulu da orqanizmi xəstəliklərdən uzaq tutan vacib şərtlərdən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.