ELM VƏ TƏHSİL
“Həft mənzər” əsərinin Azərbaycan dilinə tərcüməsi çapdan çıxıb
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Abdullah Hatifinin “Həft mənzər” əsərinin Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsi nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əsəri dilimizə Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filoloji tərcümə edib, eyni zamanda, əlyazmanı köçürərək “Ön söz” və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir.
Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirələrdə hər bir şair Nizaminin qoyduğu ideyaları öz düşüncəsinə uyğun olaraq təqdim edib. Belə nəzirə müəlliflərindən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub. Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır.
Abdullah Hatifinin “Həft mənzər” əsəri 2 min 224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib. Kitabın çapı Nizami ənənələrinin digər şairlərin yaradıcılığına təsirini müşahidə etməkdə oxuculara kömək edəcək.