CƏMİYYƏT
Həftə sonu ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin açılması təmin olunub
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 18-də və 19-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.