İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları ECOSAI təşkilatının 9-cu Assambleyasına qatılıblar
Bakı, 26 avqust, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti avqustun 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ECOSAI-nin (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı) 9-cu Assambleyasında iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə ECOSAI-ın prezidenti, Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Natalya Qodunova giriş nitqi ilə çıxış edərək təşkilatın üzv Ali Audit Qurumlarının (AAQ) potensialının artırılmasında, həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynamasını qeyd edib. O, üzv AAQ-ların birgə səylə daha da güclənəcəyinə inandığını deyib.
Sonra 9-cu Assambleyanın gündəliyi təsdiq edilib və baş katibliyin təşkilatın fəaliyyətinə dair illik hesabatı dinlənilib, həmçinin Audit Komitəsinin hesabatı təsdiqlənib. Bundan əlavə, ECOSAI Təlim Komitəsinin 2022-2025-ci illər üzrə planı təqdim edilib və müzakirələrdən sonra təsdiqlənib. Daha sonra tədbirdə üzv AAQ-lar arasında imzalanmış anlaşma memorandumları barədə məlumat verilib, bu sahədə gələcək planlar nəzərdən keçirilib.
Qeyd edək ki, Hesablama Palatasının nümayəndə heyəti üzv AAQ-lar arasında qarşılıqlı əlaqələrin müzakirəsi məqsədilə təşkil edilmiş ikitərəfli görüşlər çərçivəsində Belarus, Qazaxıstan və İran AAQ-ının nümayəndə heyətləri ilə görüşlər keçirib, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
Tədbirin sonunda 2022-2025-ci illər üzrə ECOSAI İdarə Heyətinə, həmçinin Audit Komitəsinə yeni üzvlər seçilib, ECOSAI-ın növbəti prezidenti elan olunub.