SİYASƏT


Heydər Əliyev adına Hərbi İnstituta 2023-2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb VİDEO

Heydər Əliyev adına Hərbi İnstituta 2023-2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb VİDEO

Bakı, 14 fevral, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstituta 2023-2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədris Azərbaycan dilində olmaqla əyani formada dörd il müddətində aparılır.

Heydər Əliyev adına Hərbi İnstituta bu il mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 1-dən 30-dək ərizə ilə İnstitutun rektoruna müraciət etməlidirlər.

Ərizəyə əlavə olunacaq sənədlər Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

İnstituta “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər həmin sənədlərdən əlavə nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim olunur.

Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.

Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Hərbi İnstitut rektorunun sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün təşkil olunacaq imtahana hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı birinci ixtisas qrupunun fənləri üzrə keçirilir.

Namizədlər Heydər Əliyev adına Hərbi İnstituta Nazirlər Kabinetin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahanlarda əldə etdikləri nəticələr əsasında qəbul olunurlar.

Sənədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış komissiya tərəfindən qəbul edilir.

Ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9 (əlaqə telefonu: 012-479-78-40).

Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).

Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan edildikdən sonra əlavə olaraq bildiriləcək.

Əlavə məlumat Müdafiə Nazirliyinin (www.mod.gov.az) və Heydər Əliyev adına Hərbi İnstitutun (www.aahm.mod.gov.az) internet saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.