CƏMİYYƏT
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulacaq
Bakı, 13 iyun, AZƏRTAC
Milli Qurtuluş Günü münasibətilə Suraxanıda “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin rayondakı Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib.
Sonra iştirakçılar Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları və kitablarla tanış olub, “Xilaskar” filminə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş tarixidir. Xalqın arzusu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Qeyd edilib ki, Ulu Öndər siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.
İcra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etdirib və sabit dövlətə çevirib. Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada, Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu, müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına ulu öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev müasir dövrdə Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
“Ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi edilməsində Prezident İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir. Birinci vitse-prezident Mehriban Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı xalqımız tərəfindən daim uca tutulub və bundan sonra da uca tutulacaq”, - deyə İlqar Abbasov əlavə edib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, ümumilikdə dövlətçiliyin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli lider Heydər Əliyevdir. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapıb.
Milli Məclisin deputatları Rafael Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşüb. Bu dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs fəxr fərman, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlər isə təşəkkürnamə ilə təltif olunublar.