CƏMİYYƏT
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 6-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən, gənclərə olan qayğısından söhbət açıb. Rektor vurğulayıb ki, Ümummilli Lider bütün fəaliyyəti dövründə gənc nəslə öz qayğısını əsirgəməyib, onların ictimai-siyasi həyatda fəal iştirakı, sosial ehtiyaclarının təmin edilməsi, yüksək səviyyədə təhsili, hüquqlarının müdafiəsi, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görüb.
Dosent Sevda Vəzirova bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutub. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan beynəlxalq və regional müstəvidə bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.
“Dəyirmi masa”da “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycanın davamlı inkişaf konsepsiyası” mövzularında məruzələr dinlənilib.