CƏMİYYƏT
Heydər Məmmədov: Bu ilin doqquz ayında Baş Prokurorluğun mətbuat xidməti tərəfindən KİV-in 1423 sorğusu cavablandırılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinin ümumilikdə 1423 sorğusu cavablandırılıb. Ötən ilin doqquz ayı ərzində bu sorğuların sayı 1021, 2019-cu və 2018-ci illərin eyni dövrlərində müvafiq olaraq 902 və 687 olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov oktyabrın 13-də Baş Prokurorluğun və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən “Media və hüquqi maarifləndirmə” mövzusunda tədbirdə deyib.
Heydər Məmmədov vurğulayıb ki, son bir il ərzində Baş Prokurorluqda aparılan əsaslı islahatlar çərçivəsində prokurorluqda müstəqil struktur qurum kimi yaradılan mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı bu ilin doqquz ayı ərzində 819 məlumat hazırlanaraq ictimailəşdirilib. Bu rəqəm müvafiq dövrlər üzrə 2020-ci ildə 289, 2019-cu ildə 143, 2018-ci ildə isə 124 olub.
Baş prokurorun müavini, həmçinin bildirib ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən maarifləndirici videoçarxlar vasitəsilə cavablandırılması işi daim diqqət mərkəzində saxlanılır. Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə ictimaiyyətə təqdim olunan bu videoçarxlarda xüsusilə cəmiyyətdə aktuallıq kəsb edən məsələlər, o cümlədən Vətən müharibəsi, narkotiklərin fəsadları, intihar halları, dəm qazı təhlükəsi və digər mövzular vacib məlumatlar verilir.