DÜNYA
Hindistanda güclü qar iki nəfərin ölümünə, 10 nəfərin itkin düşməsinə səbəb olub
Bakı, 8 fevral, AZƏRTAC
Hindistanın Cammu və Kəşmir bölgəsində son günlər yağan şiddətli qarın yaratdığı fəsadlar iki nəfərin ölümünə və 10 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, ölənlər qar uçqunu altında qalan ər-arvaddır. Onların uşaqları isə xilas ediliblər. İtkin düşənlər isə polislər, yanğın və təcili yardım xidmətinin əməkdaşlarıdırlar. Qarlı hava şəraiti və çətin relyef axtarış işlərini ləngidir.
Güclü qar bəzi yaşayış məntəqələri ilə əlaqənin kəsilməsinə, avtomobil yollarında hərəkətin dayanmasına səbəb olub. Həmin məntəqələrdə yaşayan yüzlərlə sakin çətin vəziyyətə düşüb, elektrik və su təchizatında fasilələr yaranıb. Bölgədə 100-dən çox ailə qar uçqunu təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hava şəraiti ilə əlaqədar fəaliyyəti tam dayanmış Srinaqar hava limanına uçmalı olan yüzlərlə sərnişin paytaxt Dehlinin aeroportunda qalıb.