CƏMİYYƏT
Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması təsis edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının təsis yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Planda nəzərdə tutulan məsələlərin müzakirə olunduğu yığıncaqda dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və KİV-in nümayəndələri iştirak ediblər.
Şuranın sədri Azay Quliyev Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsünün cəmiyyət üçün əhəmiyyətindən danışıb. Bildirib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni danışıqlar yolu ilə həll etmək olar. Platforma informasiya əldə etmək, fiksal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclis ilə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsündə ölkəmizin vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli belə bir platformanın, dialoqun mühüm önəm kəsb etdiyini söyləyib. O deyib ki, hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da öz əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir.
Müzakirələrdən sonra Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandum imzalanıb.