İDMAN
Hollandiyada akademik avarçəkmə üzrə dünya çempionatı davam edir
AZƏRTAC xəbər verir ki, mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da vardır.
Dörddəbir finalda 24 yaşlı avarçəkən 1 nəfərlik qayıqla (M1x) iki min metr məsafəni 7 dəqiqə 15,820 saniyəyə qət edərək yürüşün qalibi olub. O, kanadalı Julyen Bahen, isveçrəli Barnabe Delarze, çinli Qanq Qanq Li, meksikalı Xuan Karlos Kabrera və argentinalı Brayan Rossonu üstələməyi bacarıb. A.Aleksandrov ilk üçlüyə düşən kanadalı və isveçrəli idmançılarla birgə yarımfinala yüksəlib.
Bir nəfərlik yüngül çəkili qayıqla (LM1x) iki min metr məsafəyə dörddəbir final yürüşünə qatılan Cavid Əfəndiyev isə əsas yarımfinallara vəsiqə qazana bilməyib. Finişə 7 dəqiqə 25,840 saniyəyə çatan Əfəndiyev 4-cü yeri tutub.
Nəhayət, iki nəfərlik sükansız qayıqla (M2-) iki min metr məsafəyə təsəlli yürüşündə İqor Luçiç - Luka Corceviç duetimiz finişə 7 dəqiqə 16,410 saniyəyə çata bilib. Bu nəticə ilə 3-cü olan duetimiz ilk 2 yerdən birini tuta bilmədiyindən, mükafatlar uğrunda mübarizədən kənarda qalıb.
Qeyd edək ki, dünya çempionatına avqustun 31-də yekun vurulacaq.