CƏMİYYƏT
Hövsan qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş əti emalı müəssisəsi aşkar edilib
Bakı, 12 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində Məktəbli küçəsi, 43 ünvanında fiziki şəxs Rəhimov Məsud Akif oğluna məxsus quş kəsimi sexinə reyd keçiriblər. Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı aşkarlanıb. Baxış zamanı quş əti emalı müəssisəsinin ərazisinə qəbuldan əvvəl daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, quşların kəsimdən əvvəlki müayinəsi, karkasların və daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytarlıq-sanitariya nəzarəti baytar həkim tərəfindən aparılmadığı müəyyən edilib. Qeyd edək ki, qanunvericiliyə əsasən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə kəsim həyata keçirilməsi yolverilməzdir.
Bundan başqa hazır məhsulların saxlanılması zamanı, mövcud normativ-texniki sənədlərdə nəzərdə tutulmuş temperatur və rütubət şərtlərinə əməl olunmadığı da müşahidə olunub.
Aşkar edilən nöqsanlara görə qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.