İQTİSADİYYAT
Hövsanda piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb
Bakı, 30 aprel, AZƏRTAC
Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə işıqfor obyektləri quraşdırılıb.
Qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir. İşıqfor obyektlərinin quraşdırılması nəticəsində kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.
Hazırda digər ərazilərdə də bu kimi nizamlanan yolayrıcıları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.