ELM VƏ TƏHSİL


ICESCO təhsil sahəsində kreativlik və innovasiyaları təşviq etməyə çağırır

ICESCO təhsil sahəsində kreativlik və innovasiyaları təşviq etməyə çağırır

Bakı, 30 mart, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik bildirib ki, onun rəhbərlik etdiyi təşkilatın proqramları və layihələri təhsil sahəsində kreativlik və innovasiyaları təşviq etməyə yönəlib. O əlavə edib ki, bu istiqamətdə üzv dövlətlərin Milli Komissiyaları ilə davamlı məsləhətləşmə aparılır və yeni peşələr, süni intellekt məsələləri diqqət mərkəzindədir.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, Baş direktor Rabatda keçirilən təhsil problemlərinə həsr olunmuş konfransda çıxış edib.

O bildirib ki, ICESCO üzv dövlətlərdə təhsil, elm və mədəniyyət sahələrində inkişaf səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyir. Təşkilat İslam ölkələrində təhsilin ən müasir tələblərə cavab verməsi istiqamətində Milli Komissiyalar, beynəlxalq təşkilatlar və sponsorlarla birlikdə mühüm layihələr həyata keçirir. Eyni zamanda, ICESCO təhsil müəssisələrində süni intellekt təlimlərinin təşkilinə də xüsusi diqqət yetirir. Bundan başqa, İslam irsi komponentlərinin, mədəni və linqvistik orijinallığın qorunub saxlanılması, innovasiya və yaradıcılığın təşviqi arasında tarazlığın əldə edilməsi üzrə yeni proqramları hazırlanıb və tezliklə həyata keçiriləcək.

Salim Əl-Malik ödənişsiz təhsili təşviq etmək, tələbələrin ehtiyaclarına cavab verən tədris metodlarını qəbul etmək, müxtəlifliyə və inklüzivliyə üstünlük vermək və məlumatların qorunması üçün qanunvericilik bazalarını yeniləmək üçün rəqəmsallaşmanın potensialından yararlanmağa çağırıb. O əlavə edib ki, təhsilin transformasiyası və təhsil sistemlərinin inkişafı ölkələr və ixtisaslaşmış beynəlxalq təşkilatlar arasında ciddi və davamlı əməkdaşlığı, maraqlardakı fərqlərdən asılı olmayaraq, tərəfdaşlığın gücləndirilməsini tələb edir.

Baş direktor qeyd edib ki, ICESCO müasir texnologiyalara əsaslanan həllər tapmaq üçün İslam dünyasında təhsilə sərmayə qoymaq, təcrübə mübadiləsi aparmaq, proqram və layihələr həyata keçirmək və seminarlar təşkil etmək yolu ilə hərtərəfli, davamlı və bərabər təhsil sistemlərinin inkişafında təşkilata üzv dövlətləri dəstəkləməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.