CƏMİYYƏT
“II Azərbaycan Kolorektal Cərrahiyyə Günləri” konfransı başa çatıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “II Azərbaycan- Türkiyə Kolorektal Cərrahiyyə Günləri” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, klinikanın direktoru, professor Surxay Hadıyev iştirakçıları salamlayaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Tanınmış cərrah, akademik Böyükkişi Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Kolorektal Cərrahlar Dərnəyinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva ölkəmizdə kolorektal cərrahiyyənin tarixi. İnkişafı və müasir səviyyəsi, rəhbərlik etdiyi qurumun son iki ildə gördüyü işlər və iştirak etdiyi tədbirlər barədə hesabat verib.
Avropa Koloproktologiya Cəmiyyətinin prezidenti, Ankara Universitetinin professoru Ethem Gecim “Perianal fistullar zamanı cərrahi taktika”, “Büzdümün dermoid kistaları zamanı müasir müalicə prinsipləri”, Ankara Universitetinin professoru Ayhan Kuzu “Anarektal bölgənin anatomiyası”, “Babasil xəstəliyi və müalicəsi”, Azərbaycan Tibb Universitetinin professoru Eldar Əliyev “Perianal fistulların setonla müalicəsi”, Ankara Universitetinin dosenti Cihangir Akyol “Perianal abseslər nədir?”, “Anal çatlarda müalicə üsulları”, Azərbaycan Tibb Universitetinin dosenti Solmaz İmanova “Rektal prolaps” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Konfrans iştirakçılarına sertifikatlar verilib.