İQTİSADİYYAT
İKİ AYDA NƏ QƏDƏR NEFT VƏ NEFT MƏHSULLARI SATILMIŞDIR?
Bu sualı Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən cavablandıraraq bildirmişlər ki, ilin ilk iki ayı ərzində Avropa bazarlarında 413 min 397 ton xam neft və 127 min 981 ton neft məhsulları satılmışdır.Həmişə olduğu kimi, əcnəbi alıcılara təklif edilən məhsullar sırasında dizel yanacağının xüsusi çəkisi üstünlük təşkil etmişdir. Yanvar-fevral aylarında 63 min 801 ton dizel yanacağı, 37 min 364 ton ağ neft və 25 min 154 ton avtomobil benzini satılmışdır.
Əsasən daxili bazar üçün işləyən “Azərneftyağ” İstehsalat Birliyi isə ötən iki ayda satışa 191 min 482,6 ton dizel yanacağı, mazut və yağ göndərmişdir.
Fevral ayında Azərbaycan və Rusiya neftinin qatışığından ibarət xam neftin bir barreli 30,38 dollar olmuşdur. İstehsal olunan bir ton avtomobil benzini 323,40, dizel yanacağı 303,99, mazut isə 205,55 dollara satılmışdır.