CƏMİYYƏT
“İMZA” İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Bakı, 22 aprel, AZƏRTAC
“İMZA” - İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
İctimai Birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli AZƏRTAC-a verdiyi məlumata görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın qəhrəman əsgər və zabitlərinin qazandığı tarixi Zəfərimizin əbədiyyətədək rəmzi olacaq Hərbi Qənimətlər Parkını ziyarət edənlərin sayı və sərgilənən eksponatlara böyük maraq onu göstərir ki, xalqımız bu Qələbənin memarlarını qəlbində həmişəlik yaşadacaq. Bu Parka ayaq basan andan insan hiss edir ki, şanlı Ordumuz necə böyük bir zəfərə imza atıb. Açıq səma altında muzey olan bu məkanda sərgilənən, düşməndən ələ keçirilmiş müasir silah sistemlərini 44 gün kimi qısa müddətdə məhv edib sıradan çıxarmaq ancaq qəhrəman əsgər və zabitin şücaəti sayəsində mümkün ola bilərdi ki, bu vəzifəni də Silahlı Qüvvələrimiz dünya ordularına nümunə göstərilə biləcək səviyyədə qüsursuz yerinə yetirib. Bu gün dünyanın ən qabaqcıl orduları Azərbaycan əsgərinin şücaətini ən nümunəvi təcrübə kimi öyrənmək istəyir. İlk növbədə, yetişməkdə olan gənc nəsil mütləq bilməlidir ki, bu Qələbə güclü siyasi iradə, diplomatik ustalıq sayəsində və əlbəttə, yüksək sərkərdəlik bacarığı ilə idarə olunan qədim və zəngin hərbi ənənələrə malik Ordumuzun misilsiz qəhrəmanlığı, şücaəti hesabına qazanılıb.
“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, qurumun rəhbər heyəti, kollektivi və könüllüləri Zəfərimizin taclandırılması kimi qəbul etdikləri Hərbi Qənimətlər Parkını ziyarət edərkən məhz bu amalı qarşısına məqsəd qoyub. Vətən savaşının getdiyi günlərdə hiyləgər, saxtakar və mənfur düşmənə qarşı könüllüləri ilə birgə informasiya müharibəsində ön sıralarda olmuş “İMZA”çılar bu gün də həqiqətlərimizin və yeni reallıqların dünyaya çatıdırılmasında yüksək fəallıq göstərirlər.
Hərbi Qənimətlər Parkını ziyarətdən sonra “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyətinin toplantısı keçirilib. Kollektivin və könüllülərin təklifi nəzərə alınaraq qərara gəlinib ki, bundan sonra təşkilatın xətti ilə ölkəmizə gələcək əcnəbi qonaqların ziyarət edəcəkləri məkanlara Azərbaycan paytaxtının bu gözəl və anlamlı guşəsi də mütləq yer alsın.