İDMAN
İNCƏSƏNƏT KİMİ, OLİMPİADA DA QURBAN TƏLƏB EDİR
Yunanıstanın Baş naziri Kostas Karamanlis nikbinliyini gizlətmir: “Günü-gündən mən daha çox əmin oluram ki, yarışların təşkilində bizim uğursuz hesab edəcəyimizi başqaları böyük uğur sayacaqlar. Mən tam əminəm ki, Yunanıstan Olimpiadası tarixdə ən uğurlu və təhlükəsiz Olimpiada olacaqdır”.
Öz ölkələrindən daha qüdrətli və böyük dövlət olmadığını düşünən amerikalılar da dördilliyin bu ən möhtəşəm idman bayramı ərəfəsində Afinada görülən işlərə valeh olmuşlar. Həmvətənlərini dəstəkləmək üçün artıq Yunanıstana gəlmiş Kanzas-Siti Tibb Universitetinin tələbəsi 24 yaşlı Kristi Uells öz hisslərini belə ifadə edir: “Olimpiya stadionuna heyran qaldım. Deməyə söz tapmıram. Mən ömrümdə heç yerdə belə mənzərə görməmişəm”.
Kostas Karamanlisin sözlərinə görə, Oyunların normal keçirilməsinə terrorçular da mane ola bilməyəcəklər. Baş nazir deyir: “Zənnimcə Yunanıstana hücum etməyə heç kimin cürəti çatmaz. Axı, burda əsl sülh, mədəniyyət və millətlər arasında anlaşma bayramı keçiriləcəkdir”.
Bir sözlə, hər şey yaxşı gedir. Lakin az adamın ağlına gələ bilər ki, bu möhtəşəm bayrama hazırlıq gedərkən tikintilərdə rəsmi siyahıya görə 14, qeyri-rəsmi siyahıya görə isə 40 adam həlak olmuşdur. Müqayisə üçün deyək ki, 4 il bundan əvvəl Sidneydə bir fəhlə həlak olmuşdu. Yunanıstan parlamentinin üzvü Liana Kanelli deyir: “İlk üç il yarımda üst-üstə bir kərpic belə qoyulmadı, indi isə hamı bu işə cəlb edilib. Odur ki, hər bir neçə gündən bir kimsə ya zədələnir, ya da həlak olur. Olimpiadadan sonra biz bu Yunanıstan faciəsini araşdırmalı olacağıq”.