İDMAN
İNGİLİS FUTBOL DİVANƏLƏRİ BİR QRUP PORTUQALİYALIYA DİVAN TUTMAĞA ÇALIŞMIŞLAR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Avropa futbol çempionatının birinci dörddə bir final görüşündə Portuqaliya yığmasının İngiltərə komandasını məğlubiyyətə uğratması Böyük Britaniyada kütləvi iğtişaşlara səbəb olmuşdur.
Ölkənin cənubundakı Tetford şəhərində futbol divanələrinin böyük bir dəstəsi aralarında uşaqlar da olan portuqaliyalı azarkeşləri, az qala, tikə-tikə edəcəkdilər. Portuqaliyalılar pivəxanalardan birinə sığınaraq, polis gələnədək orada iki saat mühasirədə qalmışlar.
İngiltərənin müxtəlif şəhərlərində qayda-qanun yaradılarkən polis 35 nəfəri həbsə almışdır. Azarkeşlərlə toqquşmalar zamanı polis gözyaşardıcı qazdan istifadə etməli olmuşdur. Bir neçə polis nəfəri yaralanmışdır.