MƏDƏNİYYƏT


“INTERACT Film Lab” layihəsinin final təqdimatı keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının "INTERACT Film Lab" təlim layihəsinin final təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, nazirliyin əməkdaşları, eyni zamanda, müstəqil kino təşkilatlarının təmsilçiləri, prodüserlər, o cümlədən tanınmış kino mütəxəssisləri iştirak ediblər.

Layihə meneceri Mələk Bayramlı layihənin məqsədinin peşəkar mütəxəssislər yetişdirərək ölkənin kino sənayesinin inkişafına təkan vermək olduğunu vurğulayıb. Qeyd edək ki, 150 nəfərdən çox gəncin qatıldığı layihə may ayından start götürüb. Keçirilən mərhələli müsahibələrdən sonra 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.

Layihənin kommunikasiya meneceri Nəzrin Ağarzayeva 6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunan kino mütəxəssislərinin yerli tələbələrlə nəzəri və praktiki dərslər apardıqlarını bildirib: "Kino sənayesinin 5 əsas sahəsi - rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını seçilmiş iştirakçılarla bölüşüb. Layihə boyunca bir sıra tanınmış xarici və yerli kino mütəxəssisləri dərslərdən əlavə, tələbələrlə bir araya gələrək yaradıcılıq istiqamətində söhbətlər aparıb".

Mərasimdə, həmçinin xarici mütəxəssislər intensiv şəkildə reallaşdırılan dərslər və bu proqramda iştirak edən gənc kadrlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, layihənin başladığı tarixdən etibarən iştirakçı və mentor əlaqələrini, onların nəzəri və praktiki dərslər zamanı görüntülərini əks etdirən videoçarx nümayiş olunub.

Təqdimatın davamında Film Lab iştirakçılarının komanda halında ərsəyə gətirdiyi final yaradıcılıq işləri qonaqlara təqdim olunub. Kino sahəsinin seçilmiş üzvlərindən ibarət münsif heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək, növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək.

Qeyd edək ki, təqdimatın sonunda bu proqramı uğurla tamamlamış 32 iştirakçı sertifikatlarla təmin olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın layihədə iştirak edən əməkdaşı fotomüxbir Mehriban Kərimova da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.