DÜNYA
İSRAİL BMT-NİN ÜNVANINA İRƏLİ SÜRDÜYÜ İTTİHAMLARIN SƏHV OLDUĞUNU ETİRAF ETMİŞDİR
Bundan əvvəl İsrail hərbçiləri BMT-nin Yardım və İşədüzəltmə Agentliyini Qəzzədə Fələstin yaraqlılarının əldəqayırma raketləri daşımaq üçün agentliyin “təcili yardım” maşınından istifadə etməsində təqsirləndirmişdilər.
İsrail Agentliyin ünvanına ittihamlar yağdırmaqla yanaşı, onların təsdiqi kimi, videolent də nümayiş etdirmişdir. İsrailin iddiasına görə, həmin videolentdə BMT-yə məxsus avtomobilə raket yükləyən yaraqlılar əks olunmuşdur. Agentlik onun barəsində irəli sürülən ittihamları “tamamilə əsassız” adlandırmış və İsraildən üzr istəməsini tələb etmişdir.
Xatırladaq ki, oktyabrın 8-də İsraildə adı çəkilən Agentliyin 25 fələstinli əməkdaşı həbs olunmuşdur, özü də BMT-yə bu barədə məlumat verilməmişdir. Bunu BMT Baş katibinin mətbuat katibi Fred Ekhard bildirmişdir. Onun sözlərinə görə, həbs olunanlardan biri Agentliyin Qəzzə bölgəsindəki əməkdaşı idi, qalanları isə İordan çayının Qərb sahilində işləyirdilər. F.Ekhard eyni zamanda qeyd etmişdir ki, İsrail həmin əməkdaşların həbs olunmasının səbəblərini açıqlamaq barədə BMT-nin xahişlərinə məhəl qoymamışdır.