MƏDƏNİYYƏT
İSTANBULDA UNUDULMAZ SƏNƏTKARIMIZ QARA QARAYEVƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Konfransı İstanbul Böyük Şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, rejissor Tofiq İsmayılov açaraq demişdir ki, Qara Qarayev Azərbaycan, eləcə də, türk və dünya musiqi tarixində özünə layiqli yer tutan dahi şənətkardır.
Konfransda çıxış edən musiqişünas Sevinc Rzayeva unudulmaz bəstəkarımızın yaradıcılığını, onun pedaqoji fəaliyyətini, musiqi irsini dəyərləndirmişdir.
Sənətşünas, professor Gülpəri Rəfiq Qara Qarayev musiqisinin milli xüsusiyyətlərindən danışmışdır.
Rejissor Oqtay Mirqasımov Qara Qarayev haqqında xatirələrini söyləmiş, bəstəkarımız haqqında sənədli film çəkdiyini bildirmişdir.
Bəstəkarın qızı Zəleyhə Qarayeva tədbirin təşkilatçılarına və iştirakçılarına, İstanbulun musiqisevərlərinə ailəsi adından təşəkkürünü bildirmişdir.
Konfrans iştirakçıları Oqtay Mirqasımovun “Qara Qarayev” sənədli filminə tamaşa etmişlər. Mədəniyyət mərkəzinin sərgi salonunda Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan fotoekspozisiya nümayiş etdirilmişdir. Bir həftə ərzində İstanbulun Tarık Zəfər Tunaya mədəniyyət mərkəzinin kino salonunda Qara Qarayevin musiqi bəstələdiyi “Qanun naminə”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Yeddi gözəl” bədii və “Qara Qarayev” sənədli filmləri nümayiş etdiriləcəkdir.