SİYASƏT


İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib

Bakı, 17 iyul, AZƏRTAC 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “2019-cu tədris ilinin birinci yarımili ərzində ideoloji iş və mənəvi-psixoloji təminat, hərbi intizamın möhkəmləndirilməsi sahəsində görülmüş işlər və bu istiqamətdə qarşıda duran vəzifələr” mövzusunda hərbi hissə və birləşmələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin və psixoloqların toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, 2019-cu tədris ilinin birinci yarımili ərzində əvvəlcədən təsdiq olunan planlar həyata keçirilib. Nazir müavini hərbi qulluqçuların fərdi tərbiyəsinə xüsusi diqqət yetirildiyini, onların hərbi kollektivdə şəxsiyyət kimi formalaşması üçün məqsədyönlü tərbiyəvi tədbirlər həyata keçirildiyini vurğulayıb: “Bu işdə daha yüksək nəticələrin əldə olunması üçün ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri və psixoloqlar daha məsuliyyətli olmalı, peşə vərdişlərinizi daima artırmalısınız. Əminəm ki, siz növbəti tədris dövründə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək və öz bacarıqlarını əsirgəməyəcəksiniz”.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Rasim Əliyev ötən yarımil ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili, sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə görülmüş işlər barədə ətraflı çıxış edib.

Sonra ordumuzda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi intizamın möhkəmləndirilməsi, hərbi xidmətdə təhlükəsizliyin təmin edilməsi və digər mövzularda müzakirələr aparılıb və növbəti yarımildə qarşıda dayanan əsas vəzifələrdən danışılaraq müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.