CƏMİYYƏT
İki dozadan 6 ay sonra “buster” dozanın qəbulu zəifləmiş immun səviyyəsini qüvvətləndirir
Bakı, 29 yanvar, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “omikron” variantı digər ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxma saylarında ciddi artıma səbəb olub. Yeni variantda təkrar yoluxma və yoluxuculuq nisbəti əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğundan heç də xoş olmayan mənzərə ilə qarşılaşırıq. Virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı xəstəliyin ağır keçirilməsindən qoruyur ki, bu da səhiyyə sisteminin yüklənməsinin qarşısını ala bilər.
Bəzən vətəndaşlar elə başa düşürlər ki, vaksinasiya yoluxmadan tam qoruyur. Bu barədə dəfələrlə mütəxəssislər öz fikirlərini bildiriblər. Bir daha qeyd etmək istəyirəm ki, vaksin olunmuşlar belə COVID-19-a yoluxa bilərlər, lakin onu yüngül və ya asimptomatik formada keçirirlər. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl gigiyenasına əməl edilməlidir. Virusun variantından asılı olmayaraq, vaksinasiya və karantin qaydaları xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Süleyman Kamilov deyib.
Həkim-infeksionist bildirib ki, iki dozadan 6 ay sonra “buster” dozanın qəbulu xəstəliyə qarşı zəifləmiş immun səviyyəsini qüvvətləndirir: “Vətəndaşlar “buster” doza kimi istənilən peyvənd növünü seçə bilərlər. İnfeksionist kimi məsləhətim “buster” dozanın “Pfizer” olmasıdır. Bu, araşdırmalar nəticəsində onun COVID-19-un variantlarına qarşı qoruyuculuqda daha qüvvətli olması ilə əlaqədardır. Statistikalar və şəxsi təcrübəmə əsasən deyirəm: reanimasiya şöbələrində vaksinasiyadan keçən xəstələr demək olar ki, yoxdur. Stasionar bölmədə isə həmin şəxslərin digərlərinə nisbətən xəstəliyi çox yüngül keçirdiyini müşahidə etmişəm. Vaksinasiya hər zaman infeksion xəstəliklərdən qorunmaq və həyat qurtarmaqda ön planda olub. Bu, yeni növ koronavirus infeksiyası üçün də keçərlidir”.
S.Kamilov fevralın 15-dən tətbiq olunacaq məhdudiyyətləri nəzərə alaraq tibb məntəqələrində sıxlıq yaratmamaq məqsədilə ikinci dozadan sonra altı ayın tamam olmasına bir neçə gün qalan vətəndaşlara “buster” dozanı vurdurmaq üçün son günü gözləməməyi tövsiyə edib.