CƏMİYYƏT
İlin ilk ayında 142 və 190-“Çağrı mərkəzləri”ndə sosial məsələlərlə əlaqədar 15,2 mindən çox müraciətə cavab verilib
Bakı, 14 fevral, AZƏRTAC
Bu ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabrı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15,2 mindən çox müraciət daxil olub və edilən müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin 96,7 faizi nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə əlaqədar sorğulardan ibarət olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri həmin sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar veriblər.
“Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38,9 min ismarış göndərilib.
142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən sosial təminat növlərinə hüququn müəyyən edilməsi, pensiya və sosial müavinət məsələləri, əmək qanunvericiliyi, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, sosial sığorta münasibətləri, məcburi dövlət sosial sığortası, fərdi uçotun təşkili və s. ilə əlaqədar müraciətlərin cavablandırılması təmin edilir. Eyni zamanda, 142 - “Çağrı mərkəzi” əlilliyin və sağlamlıq imkanları məhdud şəxslərin müayinəsinin nəticəsi, ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat öyrənməyə, 190 - “Çağrı mərkəzi” isə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan verir.
Hər iki “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9-dan 18-dək vətəndaşlara xidmət göstərir. Qeyri-iş günlərində isə vətəndaşların müraciətlərinə avtomatik rejimdə aidiyyəti üzrə standart formada cavab verilir.