CƏMİYYƏT
İmişli rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova aprelin 19-da saat 11:00-da İmişli rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qəbulda Saatlı, Sabirabad, Füzuli, İmişli rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Həmçinin vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində İmişli rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.