REGİONLAR
İmişlidə ötən il süni mayalama yolu ilə 1494 baş buzov alınıb
İmişli, 6 fevral, Mahir Babayev, AZƏRTAC
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verilən subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə olunmasına marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 6 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2 min 469 baş inək və düyədən 1494 baş buzov alınıb. Bu da 2017-ci ildəkindən 628 baş çoxdur. Doğulan buzovlara görə 1254 nəfərə, ümumilikdə, 149 min 400 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinin heyvandarlıq təsərrüfatlarında 89 min 226 baş iribuynuzlu mal-qara saxlanılır. Onların əksəriyyəti süni mayalama yol ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.