REGİONLAR
İmişlidə qəbul imtahanlarında ən yüksək nəticə şəhər 5 nömrəli məktəb-liseyin məzunlarına məxsusdur
İmişli, 6 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlinin ümumtəhsil məktəblərini bitirən şagirdlər arasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticəni şəhər 5 nömrəli məktəb-liseyin məzunları əldə edib. Məktəbi bitirən 58 şagirddən 31-i yüksək balla respublikanın müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olunub.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-2018-ci tədris ilində rayonda fəaliyyət göstərən 57 tam orta məktəbi 999 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 557-si respublikamızın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 255 nəfəri sualları düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 142-si 600-dən yuxarı, 38 nəfəri isə 500-600 arası bal toplayıb.
Məzunlar arasında ən yüksək nəticə isə şəhər 2 nömrəli məktəbin məzunu Pünhanə Pənahovaya məxsusdur. O, 690 bal toplayaraq müəllimlərin etimadını doğruldub. Pünhanə arzusunda olduğu Bakı Ali Neft məktəbinə qəbul olub.