ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri ilə görüş
Bakı, 12 noyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı Avropa Liseyinin bir qrup şagirdi ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev akademiyanın əsas prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğulayıb. Alim bu məqsədlə gənclər arasında olimpiadalar keçirildiyini, müxtəlif elmi və texnoloji layihələrin icra edildiyini diqqətə çatdırıb. O, liseyin şagirdlərinin elmə marağının artırılması üçün onlarla interaktiv işlərin aparılmasının böyük səmərə verəcəyinə əminliyini ifadə edib.
Sonra liseyin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə direktor müavini Rahilə Əliyarzadə çıxış edərək bu təhsil olacağının İKT sahəsindəki nailiyyətlərindən bəhs edib. Xatırladıb ki, Bakı Avropa Liseyi 2017-ci ildə “elektron məktəb” adını qazanıb, UNESKO-nun “İKT təhsildə”, “Alqoritmika” beynəlxalq layihələrinin, eləcə də Azərbaycanda III Robot Olimpiadasının iştirakçısı olub. 2019-cu ildə isə liseyin şagirdləri üçün 2 ay müddətində “NISAI Learning” təşkilatının Kembric proqramı əsasında riyaziyyat və ingilis dili fənlərinin onlayn öyrənilmə pilot layihəsi həyata keçirilib. Liseydə fəal interaktiv təlim metodlarından geniş istifadə olunur. Təlim-tədris prosesində İKT mərhələlərlə tətbiq edilir.
Daha sonra institutun laborantı Yusif İmamverdiyev 2020-ci il fevralın 11-13-də ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə təqdim olunacaq layihələr barədə məlumat verib.
Görüşdə bu müsabiqədə iştirakla bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib.