ELM VƏ TƏHSİL
“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda X beynəlxalq konfrans işini davam etdirir
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakıda keçirilən “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfrans oktyabrın 13-də işini Bakı Dövlət Universitetində (BDU) davam etdirib.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdikləri tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
BDU-nun tarixi, inkişaf mərhələləri, fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən A.Kazımzadə bildirib ki, bu ali məktəbin 17 fakültəsində ümumilikdə 20 minədək tələbə təhsil alır.
Universitetdə uğurlu elmi tədqiqatların aparıldığını diqqətə çatdıran prorektor BDU alimlərinin çoxlu sayda elmi əsərlərinin nəşr olunduğunu, məqalələrinin “Tomson Reuter”, “Scopus” tərəfindən indekslənən impakt faktorlu jurnallarda çap edildiyini söyləyib.
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində reallaşdırılan tədbirlərdən bəhs edən A. Kazımzadə konfransın önəmini vurğulayıb, tədbirdə 22 ölkədən olan nümayəndələrin iştirak etdiklərini xatırladıb.
Konfransda britaniyalı alim Cerald Şefer “Böyük şəkil toplumlarının interaktiv axtarışları”, türkiyəli alim Əşrəf Adali “Sentimental analiz və fikirlərin təhlili” mövzularında məruzələr ediblər.
Sonra bölmə iclaslarında digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfrans Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziyanın Sabah Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə keçirilir.