ELM VƏ TƏHSİL


İnşaat ustası - bu peşəyə maraq artıb

Bakı, 26 yanvar, Aysel Azad, AZƏRTAC

İnşaat anlayışı bir çox sektoru əhatə edən geniş strukturdur. Deyə bilərik ki, inşaat həyatımızın mərkəzidir. İnşaat ustası isə briqadanın bir hissəsidir və fiziki əmək tələb edən tikinti sahələrində bir çox əsas işləri yerinə yetirir.

AZƏRTAC-ın əməkdaşı inşaat ustası peşəsinin öyrədildiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Mərkəzdə inşaat ustası ixtisası 4 ildən artıqdır ki, tədris olunur. Metodist Azad Osmanovun sözlərinə görə, hazırda bu ixtisas üzrə birillik və üçillik olmaqla 2 qrup təhsil alır: "Üçillik tikinti istismar qrupları yüksək texniki peşə təhsili alır. İlkin prosesdə tələbələrə layihələndirmə, sahənin çıxarılması öyrədilir. Hava isinəndə isə tələbələrə quru inşaat dərsləri öyrədilir. Dərslərin 70 faizi praktika üzərində qurulub, hətta nəzəriyyə dərslərini də praktika ilə keçirik. Çalışırıq ki, tələbələr maksimum təcrübə toplasınlar. Bu, tələbənin dərsi daha yaxşı mənimsəməsində rol oynayır".

Azad Osmanov bildirir ki, mərkəzdə daha çox oğlanlar təhsil alsa da, inşaata maraq göstərən qızlar da var: "Hazırda birillik qrupda 12 tələbəmiz var. Məzunlar arasında qızlar da yer alır. Bu il də təhsil alan bir xanım tələbəmiz var. Qızlar adətən proqramlar üzərində işləyirlər. Amma daha əvvəlki xanım tələbələrimiz quru inşaatla da məşğul olurdular. Şirkətlər də buranın tələbələri ilə çalışmaqda maraqlıdır. İstehsalat təcrübəsi dövründə tələbələr şirkətlərə əməkdaşlıq üçün yönləndirilir".

Peşə təhsili tələbələr arasında yaş məhdudiyyəti qoymur. 53 yaşlı Ramiz Məmmədov 10 ildən çox yaşadığı Avstriyadan peşə təhsili almaq üçün Vətənə qayıdıb: "Bir ildən çox idi ki, orada usta köməkçisi işləyirdim. Amma ustalığa keçməyim üçün diplom tələb olunurdu. Bunun üçün də 4 il təhsil almalı idim. Araşdırdım ki, burada Avropa üslubunda peşə təhsili mərkəzi var. Orada işin praktiki tərəfini bilsəm də, sahə ölçüsündən, vahiddən xəbərsiz idim. Bura hər gün gələndə nəsə qazanıram. Burada müəllimlərin əziyyəti sonsuzdur. Tələbələrlə yaş fərqimiz olsa da, burada tələbə yoldaşı, kənarda isə əmi-bala kimiyik. Mənim sahəmdə olan məsələlərlə bağlı suallar verirlər, cavablandırıram, bilməyəndə müəllimlərinə yönləndirirəm".

Əfqan Osmanov isə 39 yaşındadır. O da tələbə yoldaşı kimi bu sahə ilə məşğul olsa da, sənəti peşəkar səviyyədə öyrənməyə gəlib: "Artıq 6 aydır ki, mərkəzə gəlirəm. Çox razıyam, inşaatın bilmədiyimiz tərəflərini öyrənirik. Özüm 6 ildən çoxdur ki, inşaatla məşğulam".

İnşaat ixtisasında təhsil alan tələbələr kursu bitirəndə emal olunmuş taxta elementlərin birləşdirilməsi, dizayn prinsipləri və elementləri nəzərə alınmaqla memarlıq konstruksiya dizaynı, CAD proqramı ilə memarlıq çertyojunun çəkilməsi, çertyoj əsasında konkret formanın qurulması, beton və kərpic divarların tikilməsi, hamamda kafelin düzülməsi, divara üzlük suvağın çəkilməsi və s. bacarıqlara malik olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.