CƏMİYYƏT
İnsan alverinə qarşı mübarizəyə dair növbəti tədbir cənub bölgəsində keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
“XXI Əsrin Qadınları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi ilə reallaşdırdığı “İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbir Masallı, Lənkəran və Astarada keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyinin və İnsan alverinə qarşı QHT Koalisiyasının sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, məqsəd insan alveri ilə bağlı həyata keçirilən Dövlət Proqramının icrasında ictimai fəallığın artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarətdir. Qeyd edilib ki, layihə çərçivəsində Bakı ilə yanaşı, İsmayıllı, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam, Xaçmaz rayonlarında tədbirlər təşkil olunub. Üç ay ərzində icra olunan layihə çərçivəsində insan alverinə dair maarifləndirici bukletlər hazırlanaraq paylanılıb, internet saytlarında müvafiq məlumatlar yerləşdirilib. Layihə müddətində Bakıda və regionlarda pulsuz hüquqi məsləhət xidməti göstərilib, insan alveri ilə mübarizəyə dair qanunvericilik barədə seminarlar təşkil edilib.
Bildirilib ki, layihənin yekununda “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsi ilə bağlı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələr” adlı sənəd hazırlanacaq və onun ictimai müzakirəsi keçiriləcək. Hazırlanmış tövsiyələr müvafiq dövlət orqanlarına təqdim ediləcək.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru İbrahim Əhmədov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, İnsan alverinə qarşı QHT Koalisiyasının cənub bölgəsi üzrə əlaqələndiricisi, "Hüquqi yardım” İctimai Birliyinin sədri İlqar Qasımov, təhsil üzrə ekspert Nuranə Şıxəliyeva mövzu ilə bağlı çıxış edərək bu sosial bəlaya qarşı mübarizədə geniş maarifləndirmə işinin aparılması baxımından belə layihələrin önəmini vurğulayıblar.