CƏMİYYƏT
İntiqam Babayev: “Azərbaycan deyəndə” şəbəkəsi vasitəsilə ölkəmizi dünyaya daha geniş təbliğ etməyə çalışırıq
Bakı, 11 aprel, AZƏRTAC
Bu gün Azərbaycan gəncləri sosial şəbəkələrdə fəal çıxış edirlər. Sosial şəbəkələrdə məlumatlar sürətlə yayılır. Biz də istəyirik ki, gənclərimiz sosial şəbəkələrdə vətənpərvərliklə bağlı fəallıqlarını artırsınlar. Ona görə də bir sıra maarifləndirmə tədbirləri vasitəsilə gənc nəslin vətənpərvərlik hislərinin, tarixə, milli kökə bağlılıqlarının və dünyagörüşlərinin artırılmasına çalışırıq. Məqsədimiz tariximizin, mədəniyyətimizin daha geniş auditoriyada təbliğinə nail olmaqdır.
Bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev AZƏRTAC-a müsahibəsində deyib.
Nazir müavini vurğulayıb ki, “Azərbaycan deyəndə” şəbəkəsi vasitəsilə ölkəmizi dünyada daha geniş təbliğ etməyə çalışırıq. Azərbaycanla bağlı həqiqətləri dünyaya bu şəbəkə vasitəsilə mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə çatdırmaq mümkündür.