CƏMİYYƏT
İnvaziv cərrahlar böyrək problemi olan xəstə üzərində ilk dəfə yeni əməliyyat üsulu tətbiq ediblər
Bakı, 6 fevral, AZƏRTAC
Müasir tibb texnologiyasının inkişafı sayəsində xəstəliklərin diaqnostikasında Maqnit Rezonans Tomoqrafiya, Kompüter Tomoqrafiya və angioqrafiya kimi müayinə üsulları geniş istifadə edilir. Həmin müayinələrdə istifadə edilən radio kontrast maddələr bəzi böyrək funksiyası pozulan xəstələrdə problem yaradır. Yəni, kontrast maddə təsirindən böyrək funksiyası pozulmuş xəstələrdə vəziyyət daha da mürəkkəbləşərək kontrast nefropatiyası deyilən problemə səbəb olur. Xüsusilə böyrək problemi olan ürək xəstələrində kəskin müdaxilə tələb edən hallarda həkimin işi xeyli çətinləşir.
Mərkəzi Neftçilər Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, tibb müəssisəsində həkim Ülvi Mirzoyev və ingiltərəli kardioloq Robin Luperın təşkil etdiyi seminar Renal Guard sisteminə həsr olunub.
Qeyd olunub ki, hazırda bir sıra inkişaf etmiş ölkələrdə kontrast maddə baxımından böyrək problemi yarana biləcək xəstələrin müalicəsi zamanı Renal Guard deyilən böyrəkqoruma sistemi tətbiq edilir və həmin sistem sayəsində böyrəklər kontrast maddənin zərərli təsirindən tamamilə mühafizə olunur.
Seminardan sonra xəstə üzərində ilk prosedur icra edilib. Xəstədə əsas əlamətlər - ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya var idi və əvvəllər onun üzərində Bypass (aorta koronar şuntlama) əməliyyatı yerinə yetirilmişdi.
Ölkəmizdə ilk dəfə olaraq Renal Guard sisteminin tətbiqi ilə invaziv cərrahlar Ülvi Mirzoyev, Vüqar Zamanov və Robin Luperin iştirakı ilə diaqnostik koronar angioqrafiya və onun ardınca stend uyğulanması əməliyyatı aparılıb. Əməliyyatdan əvvəl və əməliyyat vaxtı xəstə Renal Guard sisteminə qoşulub. Adi halda həmin xəstələrdə angioqrafiya etmək böyrək çatışmazlığını artırır və prosedurdan sonra təxminən 48-ci saatda kəskin böyrək çatışmazlığı və dializə ehtiyac yaranır.
Xəstə üzərində Renal Guard sistemi vasitəsilə böyrək kontrast maddənin təsirindən mühafizə edilərək əməliyyat yüksək səviyyədə icra edilib. Xəstədə kəskin böyrək çatışmazlığının yaranmasının qarşısı alınıb və eyni zamanda, ürək problemləri effektiv şəkildə həll olunub.
Əməliyyatdan sonra həkimlər bildiriblər ki, kardiologiya və nefrologiya sahəsində böyük əhəmiyyətə malik olan bu sistem vasitəsilə kəskin ürək çatışmazlığının müalicəsində yüksək nəticələr əldə etmək mümkün olacaq.