SİYASƏT
İordaniya agentliyi Azərbaycanın ATƏT-in Minsk qrupunun haqsız tələblərinə münasibətindən yazıb
Qahirə, 7 iyun, AZƏRTAC
İordaniyanın “Nayrouz” informasiya agentliyində Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin 2021-ci il 28 may tarixli bəyanatına münasibəti haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Leyla Abdullayevanın ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatlarında istinad etdikləri saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırlatması yer alıb. Qeyd olunub ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini təklif etməzdən əvvəl ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət yetirməli, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdırlar.
Daha sonra diqqətə çatdırılıb ki, Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri ilə keçirdiyi birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan rəsmisi hazırda bölgədə atəşkəsin təmin edildiyini və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə Bəyanatın dayandığını bildirib. O əlavə edib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar və bu məsələdə Fransanın hər hansı rolunu görmürük.
Məqalənin sonunda vurğulanıb ki, Azərbaycanı sərhəd gərginliyində ittiham edən Ermənistan XİN-in nümayəndəsinin açıqlamasına da münasibət bildirən L.Abdullayeva dövlətlər arasında sərhədin indiyədək müəyyən edilməməsinin səbəbkarının məhz 30 ilə yaxın işğal siyasəti yürüdən Ermənistan olduğunu deyib. O qeyd edib ki, Azərbaycanı guya güc tətbiq edərək, əraziləri işğal etməkdə günahlandıran Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə