İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanət Fondu 25 milyon manatlıq istiqraz buraxır
Bakı, 26 yanvar, AZƏRTAC
Fevralın 1-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Fonddan AZƏRTAC-a bildiriblər ki, istiqrazlar 1 004,58 manat qiyməti ilə satışa çıxarılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti ötən il noyabrın 10-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 milyon manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.