İQTİSADİYYAT
İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında TASİM layihəsinin təqdimatı olub
Bakı, 6 mart, AZƏRTAC
Martın 1-5 tarixlərində İran İslam Respublikasının paytaxtı Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 25-ci iclasında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Heyət tərkibində olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Şuranın Nəqliyyat və Rabitə Komitəsinin iclaslarında iştirak edib.
İctnews-dan AZƏRTAC-a verilən məlumata görə, iclasda bir sıra layihələrə dair geniş müzakirələr aparılıb, təşkilatın fəaliyyətinə dair qərarlar qəbul edilib, həmçinin də Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin təqdimatı keçirilib. “Yeni geosiyasi reallıqda TASİM-in rolu” adlı təqdimatda layihənin Azərbaycanın təşəbbüsü olduğu, Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənməsi, Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olması və BMT Baş Assambleyasının qətnamələri ilə siyasi dəstəkləndiyi haqqında məlumat verilib.
Təqdimatın sonunda təşkilatın katibliyi və üzv ölkələr TASİM layihəsini dəstəkləməyə çağırılıb.