REGİONLAR
İqtisadiyyat naziri Goranboyda vətəndaşları qəbul edib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 20-də nazir Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda nazir Şahin Mustafayev qəbula gələn vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digərlərinin operativ araşdırılması və həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisələrinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların, heyvandarlıq, meyvəçilik, üzümçülük, turizm və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. İndiyədək keçirilmiş vətəndaş qəbullarında müraciət edən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 100 milyon manatdan çox güzəştli kredit ayrılıb.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.