İDMAN
İradə Aşumova: “Minsk 2019”da və “Tokio 2020”yə lisenziya xarakterli yarışlarda atıcılarımızdan yaxşı nəticələr gözləyirik
Bakı, 4 yanvar, AZƏRTAC
Yanvarın 23-27-də Münxendə güllə atıcılığı üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə yığma komandanın üzvü Ruslan Lunyov 10 metr məsafəyə atəş açma yarışında ölkəmizi təmsil edəcək.
Bu sözləri AZƏRTAC-a güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib.
O qeyd edib ki, bu turnirdə həm də silahlara nəzarət məqsədilə onların təmizlənməsi, yağlanması və uyğun güllələrin seçilməsi həyata keçiriləcək. “Uyğun güllələri ancaq yarışlarda istifadə edirik. Ümumiyyətlə, yarışlarda istifadə etdiyimiz silahların və güllələrin vəziyyəti böyük əhəmiyyət kəsb edir. Bu il yığmamız üçün ciddi sınaq illərindən biridir. Yığmanın üzvlərindən Ruslan Lunyovun və stend atıcılığı üzrə Emin Cəfərovun ikinci Avropa Oyunlarında iştirakları artıq dəqiqləşib. Yığmamızın digər üzvlərinin də “Minsk-2019”da iştirakı məsələsinə bu günlərdə aydınlıq gələcək. Fevralda isə Nyu-Dehlidə “Tokio 2020”yə lisenziya xarakterli dünya kubokunun mərhələ yarışları keçiriləcək. İkinci Avropa Oyunlarında və Tokio Olimpiadasına lisenziya xarakterli yarışlarda atıcılarımızdan yaxşı nəticələr gözləyirik”, - deyə İ.Aşumova bildirib.