DÜNYA
İran Kanadaya etiraz notası verib
Tehran, noyabr, AZƏRTAC
Kanadanın maraqlarının təmsilçisi olan İtaliyanın İrandakı səfiri Cuzeppo Perrone bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, etiraz notasının səbəbi Kanadanın konsulluq bürosu açmaq üçün İrana icazə verməməsidir. Səfirin diqqətinə çatdırılıb ki, Kanadada 400 min iranlı yaşayır və onlara konsulluq xidmətinin göstərilməsi zərurəti yaranıb. Lakin Kanada beynəlxalq hüquq normalarına zidd olaraq konsulluq bürosunun açılmasına icazə vermir.
Bununla yanaşı, səfirə bildirilib ki, Kanada cinayət törədərək bu ölkədə gizlənən adamları da ədalət mühakiməsindən yayındırır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Kanada İrandan 2,6 milyard dollar oğurlayaraq bu ölkəyə qaçan Mahmud Rza Kavəni həbs edib qaytarmaqdan imtina edir. İran Beynəlxalq Polis Təşkilatı (İnterpol) vasitəsilə Mahmud Rza Kavəni axtarışa verib. Lakin onun yeri məlum olduğu halda, Kanada yenə də beynəlxalq normalara zidd hərəkət edərək cinayətkarın məhkəmə qarşısına çıxarılmasını əngəlləyir.
İtaliyanın səfiri İranın etirazını Kanada tərəfinə çatdıracağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran