DÜNYA
İran hökuməti Con Boltonun istefasına münasibət bildirib
Tehran, 11 sentyabr, AZƏRTAC
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gözlənilməz istefasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, C.Boltonun istefasına istehza ilə yanaşan Ə.Rəbbi “Biz qaldıq, o isə getdi” deyərək İran reallığının qəbul edilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, C.Bolton vəzifəyə təyin edilən gün bəyan etdi ki, sanksiyalar siyasəti 3 ay ərzində İranın təslim olmasına səbəb olacaq. Lakin onun gözlədiyi baş vermədi. İrana qarşı müharibənin, siyasi və iqtisadi təzyiqin ən böyük tərəfdarı olan C.Bolton getdi.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə C.Boltonun istefasına münasibət bildirməkdən imtina edib.
Qeyd etmək lazımdır ki, İran və Qərb mətbuatı C.Boltonun istefasına birmənalı yanaşır. İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxt-Rəvançı bildirib ki, C.Boltonun istefası ABŞ-ın daxili işidir.
Siyasi müşahidəçilər bildirirlər ki, məhz C.Boltonun məsləhəti ilə ABŞ Prezidenti İrana qarşı ağır sanksiyalar tətbiq etməyə başladı və nəticədə nəinki heç nəyə nail olmadı, əksinə geosiyasi vəziyyətini pisləşdirdi. Belə ki, İran sanksiyalara davam gətirərək nüvə proqramını bərpa etdi. Bununla yanaşı, Çin İran iqtisadiyyatına 280, Rusiya isə 10 milyard dollar həcmində investisiya qoymağa hazırlaşır. Bu, İranın iqtisadi blokadadan çıxmasına səbəb olacaq.
Lakin C.Bolton yalnız İran istiqaməti üzrə deyil, Suriya, Venesuela, Əfqanıstan, Liviya istiqamətləri üzrə də ABŞ siyasətini uğursuzluğa düçar edib. D.Tramp isə ikinci dəfə Prezident seçilmək istəyir və bu uğursuzluqlarla seçkiyə qatılacağı təqdirdə məğlub olacağı aydın görünür. Odur ki, C.Boltonu öz komandasından uzaqlaşdırdı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran