DÜNYA
İran və Almaniya liderləri arasında telefon danışığı olub
Tehran, 18 fevral, AZƏRTAC
Avropa dövlətləri İranın nüvə proqramı ilə əlaqədar əldə olunan razılaşmanı qoruyub saxlamaq istəyirsə, onda üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Almaniya Kansleri Angela Merkellə telefon söhbətində deyib. H.Ruhani bildirib ki, 2015-ci ildə İranla Qərb dövlətləri arasında imzalanan müqavilə BMT Təhlükəsizlik Şurası tərəfindən tanınıb və təsdiq edilib. Bu səbəbdən də müqaviləyə yeni əlavələrin edilməsinə ehtiyac yoxdur.
H.Ruhani nəzərə çatdırıb ki, 2018-ci ildə ABŞ müqavilədən birtərəfli qaydada çıxdıqdan sonra Avropa dövlətləri də müqavilə üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədilər və İrana qarşı sanksiyalar daha da gücləndi. Əgər Avropa doğrudan da nüvə razılaşmasının qüvvədə qalmasını istəyirsə, praktiki addımlar atmalıdır.
İran Prezident bildirib ki, nüvə proqramı haqqında müqavilə imzalansa da, sanksiyalar aradan qaldırılmayıb və tərəflər öhdəliklərə əməl etmirlər. Belə olan halda, müqavilənin legitimliyi şübhə altına düşür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran