İQTİSADİYYAT
İran və Hindistan rəhbərləri “Şimal-Cənub” nəqliyyat dəhlizini müzakirə edəcəklər
Tehran, 15 fevral, AZƏRTAC
İran Prezidenti Həsən Ruhaninin Hindistana səfəri çərçivəsində tranzit daşımalar əsas müzakirə mövzularından biri olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Prezident Həsən Ruhani Hindistana səfəri öncəsi jurnalistlərə verdiyi açıqlamada deyib. Onun sözlərinə görə Hindistan İran vasitəsilə dünya bazarlarına çıxış əldə etmək niyyətindədir.
Xatırladaq ki, Hindistan İranın Çabahar limanının yenidən qurularaq təkmilləşdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu liman “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Hindistanın Mumbai limanından yüklər gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq.
Eyni zamanda Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan və Mərkəzi Asiya ölkələri ilə də ticarət əlaqəsi yaradacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran