DÜNYA
İranda 650 ton narkotik vasitə müsadirə olunub
Tehran, 11 dekabr, AZƏRTAC
Cari ilin ötən dövründə İran ərazisində keçirilən xüsusi əməliyyatlar nəticəsində 650 ton narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəhbəri İsgəndər Mömini məlumat verib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik maddələrin qanunsuz dövriyyəsində 17 faiz artım müşahidə edilib. Müsadirə olunan narkotiklərdən ən təhlükəlisi kustar üsulla hazırlanmış sintetik narkotiklərdir. Bunlar insanda asılılıq yaradır və insan düşüncəsini itirərək narkotik aludəçisinə çevrilir. Bu asılılıq isə insanı müxtəlif cinayətlərə və qeyri-insani hərəkətlərə vadar edir.
İ.Mömini deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi ən çox Sistan-Bəlucistan vilayətində müşahidə edilib. Polis ilə xüsusi xidmət orqanları operativ əməliyyatları məhz bu vilayətdə həyata keçiriblər. Bu vilayətin Əfqanıstan ilə sərhəddə yerləşməsi İrana qaçaqmalçılıq yolu ilə narkotik gətirilməsini asanlaşdırıb. Lakin buna baxmayaraq, İran sərhədçiləri və polis narkotik qaçaqmalçılığına qarşı mübarizəni davam etdirirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran