DÜNYA


İranda dövlətə dəstək aksiyaları keçirilib

Tehran 25 sentyabr, AZƏRTAC

Bu gün İranın paytaxtı Tehran, Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər. Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər. Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onu siyasi xəttini dəstəkləyir.

Diqqətə çatdıraq ki, sentyabrın 16-da Tehranda Məsiha Əmini adlı 22 yaşlı qızın baş örtüyünü düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi İranın 60-dan çox şəhərində kütləvi etirazlara səbəb olmuşdu. Lakin sonrakı günlər etiraz aksiyaları iğtişaşlarla müşayiət olunmağa başladı. Küçə və meydanlara çıxanlar bankları, mağaza və bazarları dağıtdılar. İlkin hesablamalara görə, ölkə üzrə ümumilikdə 60-dan çox yanğınsöndürən, 35 təcili tibbi yardım, 50-dən çox polis avtomobili yandırılıb. Polislə qarşıdurmada 3 nəfər ağır yaralanıb, 1 polis əməkdaşı həlak olub.

İranın Baş Prokurorluğu iğtişaşlarla əlaqədar cinayət işi açıb, həbs olunanlar var. Hazırda ölkənin hüquq-mühafizə orqanları geniş araşdırma aparırlar. Prezident İbrahim Rəisi hadisələrə münasibət bildirərək qeyd edib ki, ölkədə sabitliyi pozmağa və xalqın təhlükəsizliyini təhdid etməyə cəhd göstərənlər cəzalarını alacaqlar.

 
Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.