QAN YADDAŞI
İraq mətbuatında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub
Bağdad, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İraqda Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədovun “Almustaqel.net”, “Kalemeh.net və “Ashourland.net” saytlarında 20 Yanvar faciəsindən bəhs edən məqaləsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının sovet rəhbərliyi tərəfindən terror aktına məruz qaldığı bildirilib. Diqqətə çatdırılıb ki, 1990-cı ilin yanvarında keçmiş Dağlıq Qarabağın ermənilər tərəfindən və mərkəzi hökumətin buna biganə qalmasına etiraz edən xalq zorakılıqla üzləşdi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan sovet hərbçiləri qadın, uşaq, qoca, cavan demədən hamını güllələdilər. 20 Yanvar faciəsində Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilib, 25-i qadın, 20-si uşaq olmaqla 700-dən çox dinc sakin yaralanıb. Bu hadisələr zamanı ümumilikdə 147 nəfər mülki insan qətlə yetirilib.
Hadisənin səhəri günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən qırğına etirazını bildirdi və şəxsən Qorbaçov başda olmaqla, SSRİ rəhbərlərini kəskin tənqid etdi. 1994-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verdi.
Həmçinin qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 30 ilə yaxın erməni işğalı altında qalan ərazilərimizi azad edib.
Azərbaycan dövləti və xalqı şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar faciəsi tariximizə qanla yazıldı. Lakin bu faciə, eyni zamanda, yeni tariximizin qəhrəmanlıq səhifəsi kimi xatırlanacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad